Klaviyaturaya içki töküldükdə elektron qurğular ciddi zərər ala bilər. Foodinfo.az RT-yə istinadla xəbər verir ki, mütəxəssis Ruslan Permyakov mayenin klaviyaturaya təsiri və görüləcək tədbirlər barədə izahat verib.

Onun sözlərinə görə, maye düymələrin altına və əlaqə yollarına düşür. Şirin və turş içkilər korroziyaya və yapışqan qalıqlara səbəb olur, düymələr yapışa, öz-özünə basıla və ya tam işləməyə bilər. Simsiz klaviyaturalarda isə batareya bölməsi və ötürücü elektronikasına ziyan dəymə riski var.

Əgər klaviyatura kabel vasitəsilə işləyirsə, qısaqapanma və USB portunun zədələnməsi mümkündür. Açıq vəziyyətdə PC-də isə gərginlik sıçrayışı yarana bilər. Laptop klaviyaturaları isə daha həssasdır, maye korpusa daxil olaraq ana platanı zədələyə, qısaqapanma və elektron komponentlərin sıradan çıxmasına səbəb ola bilər. Bu zərər dərhal görünməyə bilər, bir neçə saat və ya gün sonra korroziya nəticəsində aşkar olunur.

Permyakov qeyd edib ki, maye tökülməsi elektron cihazlarda ən çox rast gəlinən zərər səbəblərindən biridir. Qurğunun mürəkkəbliyi artdıqca, ciddi zədələnmə və maddi itki riski də yüksəlir. Hətta bir neçə millilitr şirin içki elektron komponentlərin zəncirvari sıradan çıxmasına səbəb ola bilər.

Mütəxəssis tövsiyə edib ki, çay, qəhvə və ya qazlı içki töküldükdə cihaz dərhal enerji mənbəyindən ayrılmalıdır. Fenlə qurutmağa çalışmaq, cihazı yoxlamadan açmaq olmaz və mümkün olduqda xidmət mərkəzinə müraciət edilməlidir.