Bu ilin fevral ayında Amerikan televiziya izləyiciləri yeni bir məzəli qısa reklam seyr etdilər: çölün ortasında piano ifa edib “Wow, no cow” oxuyan bir şəxs və yanında da qablaşdırılmış yulaf südü.

İsveçin Oatly şirkətinin baş icraçı direktoru olan Toni Petersson bu dəfə də biznesmenləri təəccübləndirmək fikrindədir: bitki südünün istehsalçısı bu yaxında Nyu-York birjasında listinqə çıxmaq və bazar dəyərini 10 milyard dollara qədər artırmağı planlaşdırır.

Foodinfo.az xəbər verir ki, hazırda yulaf südü iri Qərb ölkələrində, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya və İsveçdə badamdan sonra ən çox satılan ikinci bitki əsaslı süddür və bir zamanlar çox istifadə olunan soyanı da bazardan sıxışdıra bilib.

Yulaf südü bütöv yulaf dənələrinin su ilə emalı nəticəsində əldə olunan və ənənəvi inək südünə alternativ təklif edilən bir məhsuldur. Adətən qlutensiz istehsal edilən bu süd həm zülallar, həm də liflərlə zəngindir və diet saxlayan insanlar üçün inək südünün ən yaxşı əvəzedicilərindən sayılır. Bəzi insanların çərəzlərə qarşı allergiyası olduğu üçün, yulaf südü həm də digər çox istehlak edilən məhsul - badam südünü qida rasionunda uğurla əvəzləyə bilir. Üstəlik, kofelərə qatqı kimi əlavə edilərək, xüsusi dad verir.

1990-cı ildə İsveçdə yaradılan Oatly Toni Peterssonun 2012-ci ildə şirkətə yeni baş icraçı direktor təyin edilməsindən sonra ənənəvi süd bazarının əsl başağrısına çevrilib. 2016-cı ildə ABŞ bazarına girən şirkət qısa zamanda əksər kofe şəbəkələrində məşhurlaşıb. Elə həmin ildə Çinin dövlət mülkiyyətli şirkəti China Resourses və Belçika ailə kompaniyası Verlinvest birgə müəssisə quraraq, Oatly-nin əksər səhmlərini satın alıblar. China Recources-in Çindəki minlərlə kofe mağazaları və kafelərində Oatly əsas məhsullardan biridir.

Hazırda üç ölkədə 3 iri zavodu olan Oatly bu il Sinqapurda, 2023-cü ilə qədər isə İngiltərədə yeni zavodlar açmaq niyyətindədir. Pandemiyadan sonra əsasən elektron ticarətə fokuslanan Oatly bu il 800 milyon dollar həcmində satış etməyi hədəfləyir. Amma bu o qədər də asan olmayacaq. Oatly-ni Londonun bitki əsaslı süd şirkəti Rude Health və qocaman fransız istehsalçısı, Alpro və Nestle markalarının sahibi Danone ilə əsl bazar savaşı gözləyir.