
İnsanların niyə bəzən 100 ildən çox yaşadığını, bəzən isə orta yaşda xəstəliklərlə üzləşdiyini izah etmək göründüyündən daha çətindir. Foodinfo.az xəbər verir ki, NEWS.ru-ya müsahibə verən geriatriya üzrə mütəxəssis Nikolay Zak uzunömürlülüyə təsir edən ən qeyri-adi amili açıqlayıb və bunun nə genetika, nə də mükəmməl həyat tərzi olmadığını bildirib. Onun sözlərinə görə, əsas amil sadəcə “şans” və ya “uğurlu təsadüflər zənciri”dir. Həkim vurğulayıb ki, bir çox xəstəliklərin yaranması və hətta insan həyatına son qoya bilən hadisələr əslində tamamilə təsadüf nəticəsində baş verir.
Mütəxəssis qeyd edib ki, hər kəs həyatında müəyyən risklərlə qarşılaşır, lakin bəzi insanlar bu risklərdən “yan keçdiyi” üçün daha uzun yaşayır. Onun fikrincə, hətta dünyaya gəlmək belə böyük şansdır, çünki milyonlarla ehtimalın içində yalnız biri həyata çevrilir. Xarici ekspert deyir ki, həyat boyu baş verən qəzalar, infeksiyalar, genetik mutasiyalar və digər təsadüfi hallar orqanizmin nə qədər yaşayacağını müəyyənləşdirən əsas səbəblərdəndir. “Hətta eyni şəraitdə yaşayan, genetik cəhətdən eyni olan heyvanların belə ömür uzunluğu çox fərqlənir” – deyə Zak bildirib.
Bununla belə, mütəxəssis qeyd edir ki, sağlam həyat tərzi, balanslı qidalanma, stressin azaldılması və müntəzəm tibbi müayinələr uzunömürlülük şansını artırır, lakin təsadüfi hadisələri tamamilə aradan qaldırmaq mümkün deyil. Alimlərin fikrinə görə, genetika yalnız təxminən 20-25% rol oynayır, qalan hissə isə həyat boyu baş verən gözlənilməz faktorların təsiri altındadır. Bu səbəbdən geriatriya mütəxəssisləri hesab edir ki, insan həm öz sağlamlığına diqqət etməli, həm də həyatdakı qeyri-müəyyənlikləri nəzərə almalıdır. Zakın sözlərinə görə, uzun yaşamaq üçün bəzən düzgün qərarlar kifayət etmir – bir az da “bəxtə düşmək” lazımdır.