Qan təzyiqini nəzarətdə saxlamaq üçün yalnız dərmanlara güvənmək lazım deyil. Foodinfo.az xəbər verir ki, Oreqon İş Gigiyenası İnstitutunun alimləri müəyyən ediblər ki, hər gün eyni vaxtda yatmaq vərdişi yalnız iki həftə ərzində qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Nəticələr SLEEP Advances jurnalında dərc olunub.

Tədqiqata orta yaşlı hipertoniya xəstəsi olan 11 iştirakçı cəlb olunub. İlk həftə boyunca alimlər onların normal yuxu rejimini izləyiblər, sonra isə iştirakçılardan dəqiq yatma vaxtını seçib, iki həftə ərzində ona sadiq qalmaq istənilib. Gün ərzində yatmaq qadağan edilib, lakin yuxu müddəti ölçülməyib.

Əvvəl gecədən gecəyə dəyişən yatma vaxtları orta hesabla 30 dəqiqə aralığında dəyişirdisə, tədqiqat sonunda bu göstərici 7 dəqiqəyə qədər sabitləşib. Bu stabilitet ürək-damar sisteminə müsbət təsir göstərib: sistolik təzyiq orta hesabla 4 mm civə sütunu, diastolik isə 3 mm civə sütunu azalıb.

Alimlərin sözlərinə görə, bu təsir müntəzəm fiziki məşqlər və ya duz qəbulunun azaldılması ilə müqayisə edilə bilər. Maraqlıdır ki, nəticələr dərman qəbulundan asılı olmayıb. Tədqiqatçılar vurğulayırlar ki, bu faydanın əsas səbəbi bədən saatının—yəni sirkadiyal ritmlərin—normallaşmasıdır.

Tədqiqatın müəllifi Sau­rab Tosa­r qeyd edir ki, gecə yuxusunda təzyiqin 5 mm civə sütunu azalması ürək-damar xəstəlikləri riskini 10%-dən çox azalda bilər.