Son illərdə getdikcə daha çox insan laktosa və ya qlüteni qidalanmadan kənarlaşdırmağa başlayıb. Foodinfo.az bildirir ki, rus-britaniya mənşəli nutrisioloq Liza Gilman tibbi göstəriş olmadan edilən qida məhdudiyyətlərinin vitamin və mineral çatışmazlığına səbəb ola biləcəyini xəbərdarlıq edib. Onun sözlərinə görə, belə hallarda düzgün əvəzləyicilərin seçilməsi sağlamlıq üçün olduqca vacibdir.
Gilman açıqlayıb ki, laktosa qəbul etməyən şəxslər kalsium, zülal, B12 və D vitamini ilə zəngin məhsullara üstünlük verməlidir. O bildirib ki, kalsium mənbəyi kimi sərt pendirlər çox faydalıdır — məsələn, 30 qram pendirdə təxminən 220 milliqram kalsium mövcuddur. Mütəxəssis əlavə edib ki, laktozasız süd və qatıq növləri, sümüyü ilə birlikdə yeyilən balıqlar və yaşıl tərəvəzlər də kalsium ehtiyacını ödəməyə kömək edir.
Onun sözlərinə görə, böyüklər üçün gündəlik kalsium norması azı 700 milliqramdır, yaşlılar və körpə əmizdirən qadınlar üçün isə 1200 milliqrama qədər yüksələ bilər. Qlütenə qarşı həssaslıq və ya çölyak xəstəliyi olan şəxslərə isə qarabaşaq, kinoa, düyü, amaranta və glutenazad yulaf kimi alternativlər tövsiyə olunur. Gilman xəbərdarlıq edir ki, hər hansı qida qrupunu tamamilə rasiondan çıxarmadan əvvəl həkimlə məsləhətləşmək vacibdir, çünki yanlış yanaşma qida maddələrinin çatışmazlığına və ümumi sağlamlığın pozulmasına səbəb ola bilər.
Mütəxəssis qeyd edir ki, düzgün əvəzləyicilərlə balanslı qidalanma həm məhdudiyyətləri təhlükəsiz edir, həm də orqanizmin ehtiyac duyduğu bütün qida maddələrinin qəbulunu təmin edir.






