Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində məhsulların qida təhlükəsizliyi sahəsində tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə 2022-ci il 1 noyabr – 2023-cü il 19 yanvar tarixlərində, ümumilikdə 1584 ticarət və 662 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinq zamanı 61 ticarət və 20 ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən müşayiətedici sənədləri olmayan 468.86 kq qatıq, 39 litr süd, 170.115 kq pendir, 7 kq şor, 1 kq süzmə, 1006 kq müxtəlif növ turşu, 226.5 kq müxtəlif növ mürəbbə, 40.3 kq üzüm tənəyi, 24 kq yağ, 14 litr nar şirəsi, 20 kq düşbərə, 3.85 kq marinə edilmiş mal əti, 10 kq şirniyyat, 4 litr şərab, 2 litr kompot, 5 ticarət müəssisəsində isə əsas qablaşdırmanın üzərində etiketlənmə təmin olunsa da, satış vitrinində çəki ilə satılan məhsulların üzərində istehsal, son istifadə tarixi və s. məlumatları olmayan 67.4 kq pendir məhsulu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsullar satışdan kənarlaşdırılaraq müəsissə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, naməlum şəraitdə, sanitariya-gigiyena norma və qaydalarına riayət etmədən qidaların hazırlanması insanların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, istehsal və emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalar”ının 4.6-cı bəndinə əsasən, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır.
Qanunvericiliyin bu tələbləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün subyektlər, o cümlədən kiçik və mikro sahibkarlar üçün məcburidir. İstehsal və ya emal olunan qida məhsullarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilməlidir. Bununla əlaqədar ticarət şəbəkələrinin rəhbərlərinə müvafiq qanunvericiliyə uyğun olaraq, satışa yalnız sənaye üsulu ilə, qida təhlükəsizliyi qeydiyyatından keçmiş müəssisələrdə hazırlanmış və müvafiq müşayiətedici sənədləri olan qida məhsullarının çıxarılması barədə xəbərdarlıq məktubları ünvanlanıb.
AQTA istehlakçıları bir daha ölkədə qida təhlükəsizliyi qeydiyyatından keçməyən müəssisələr tərəfindən istehsal olunan və qida təhlükəsizliyi sertifikatı olmadan idxal edilən məhsulları əldə etməməyə, habelə məhsulun etiketində qanunvericiliklə nəzərdə tutulmuş məlumatların, xüsusilə də məhsulun adı və tərkibi, istehsal və son istifadə tarixi, istehsalçı müəssisənin adının qeyd olunmasına diqqət yetirməyə çağırır. Bu istiqamətdə qarşılaşdıqları neqativ hallarla bağlı “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.