Çörək hər kəsin gündəlik istifadə etdiyi qidadır. Mətbuatda zaman-zaman bu əvəzolunmaz qida ilə bağlı yazılar dərc olunsa da, əksər hallarda bu sahənin mütəxəssisləri deyil, daha çox QHT sədrləri, həkimlər və s. müsahibə verir. Foodinfo.az isə çörək bişirilməsi üzrə ekspertə müraciət edib, ondan çörək sənayesinin problemlərini öyrənib və təkliflərini dinləyib.
Xəmir mütəxəssisi Şahin Ağayev Foodinfo.az-a açıqlamasında bildirib ki, Azərbaycanın çörəkləri həmişə çox ləzzətli olması ilə seçilib: “Çörək istehsalı zamanı yüksək keyfiyyətli un, filtirə olunmuş su ilə xəmir yoğrulmalıdır. Xəmir yoğrulan aparatların təmizliyinə fikir verilməli, həmçinin çörək bişirilən aparatların təmizliyi qorunmalıdır. Bunların hər biri çörəyin keyfiyyətinə təsir edən amillərdir. Çörək bişdikdən sonra xüsusi ayrılmış yerlərə qoyulmalı və soyudulmalıdır. Soyuduqdan sonra xüsusi formada qablaşdırılmalı və satışa çıxarılmalıdır. Bu zaman çörəklərin daşınmasına da diqqət yetirilməlidir”.
Onun sözlərinə görə, Azərbaycanda müasir və təkmilləşdirilmiş bir neçə istehsal zavodu fəaliyyət göstərir. Bununla yanaşı, mütəxəssis təəssüf hissilə bildirir ki, hazırda çörək istehsalında və daşınmasında problemlər var: “Müasir və təkmilləşdirilmiş zavodlarda əsas amil çörəklərin sürətli, müasir texnologiya ilə, insan əli toxunmadan istehsal olunmasıdır. Köhnə zavodlarda isə müasir texnologiyadan istifadə olunmur. Bu da istehsalın aşağı səviyyədə olmasına səbəb olur. Ən pisi də odur ki, hazırda ölkə əhalisi köhnə üsulla hazırlanan zavod çörəklərinə üstünlük verir. Yəni, SSRİ zamanından qalan zavodlar çörəkləri köhnə avadanlıqlarla istehsal edir. Burada gigiyenik qaydalar çoxlu suallar yaratsa da, klassik reseptlər istifadə olunduğundan, alıcı çoxluq təşkil edir. Çünki bu cür çörək istehsalı ilə məşğul olan sahibkarlar müvafiq sənədlərlə təsdiq olunmuş qaydalardan çox, hər biri özünə uyğun “qayda-qanunla” işləyirlər.
Ümumiyyətlə, qüsurlar çoxdur. Dediyim kimi, çörək istehsal edən müəssisələrin bir çoxu standartlara əməl etmir. Yəni, un necə yığılmalı, hansı temperaturda saxlanmalı, su necə olmalıdır... Həmçinin xəmirin yoğrulması, kündəyə gəlməsi, bişirilməsi, qablaşdırılması və s. Məsələn, reklam məqsədilə sellofan paketlərdə çörəklər satışa çıxarılır. Lakin bu düzgün deyil. Çörəklər uyğun olmayan nəqliyyat vasitələrində daşınmır. Bu sahədə də heç bir nəzarət görünmür”.
Ş.Ağayev deyib ki, marketlərdə çörək şöbəsinə zəruri diqqət ayrılmır: “Digər məhsullar necə qəbul edilirsə, çörəklər də eyni qaydada qəbul edilir. Çörək şobələrində çörəklər uyğunsuz formada yığılır, gigiyenik qaydalara əməl edilməsi üçün vitrinlər qoyulması barədə düşünülmür”.
Ş.Ağayev təklif edir ki, çörək sənayesində vəziyyəti düzəltmək üçün yerli, savadlı mütəxəssislərə şans tanınmalıdır: “Nəticədə öz reseptlərimizə uyğun dadlı çörəklərimizi daha da təkmilləşdirib istehsal edə bilərik”.
Foodinfo.az