"Azərbaycanda statistik məlumatların hesablama qaydalarında ciddi dəyişiklər aparılmalıdır"
"Statistik məlumatlarda qeyri-dəqiq məlumatlara yol verilir. Əslində isə hər bir mal və xidmət növü üzrə ortalama qiymət hesablanmalıdır"
"Azərbaycanda statistik məlumatların hesablama qaydalarında ciddi dəyişiklər aparılmalıdır".
Bunu 2017-ci il üçün istehlak məhsullarının və xidmətlərin qiymətləri haqqında statistik məlumatlardan danışarkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, inflyasiyanın, qiymətlərin hesablanması metodoloji olaraq çox köhnəlib:
""Ərzaq səbətinin” sayı və statistika aparılacaq səbət kasaddır. Mal və xidmətlərin çeşidi isə digər ölkələrə nisbətən azdır. Ona görə, statistik məlumatlarda qeyri-dəqiq məlumatlara yol verilir. Qiymətləndirmə aparılarkən ən ucuz məhsullara diqqət edilir, əslində isə hər bir mal və xidmət növü üzrə ortalama qiymət hesablanmalıdır. Yaranan təzadlar səbəbindən statistik göstəricilərlə reallıq arasında ciddi fərq yarandığı aydın görünür.
Hər birimiz istehlakçıyıq və evimizə bazarlıq edirik. Müşahidələrimizdə gündən günə qiymətlərdə artım olduğunu hiss edirik. Əsasən ərzaq məhsullarında rekord göstəricilər kərə yağında, ətin və Rusiyadan gətirilən ət məhsullarının qiymətlərində müşahidə olundu. Həmin artımların səbəbləri də müxtəlif idi.
Kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına mövsümi amillər də təsirini göstərdi. Maraqlıdır ki, statistik məlumatlarda əvvəlki illərdə noyabr-dekabr aylarında kənd təsərrüfatı məhsullarının qiymətlərində təbii artım olması qeyd edilirdi. Ötən il üçün açıqlanan statistikada isə bu vurğulanmadı. Əslində doğru yanaşma deyil. Məlum yanaşma statistik göstəricilərə qarşı şübhə yaradır.
Statistika komitəsi rəqəmlərdə ciddi, kəskin dəyişiklik olmamasına çalışır. Bu, başa düşüləndir. Amma doğru olmayan ölçmələrin aparılması heç də yaxşı nəticələr vəd etmir. Rəqəmlər düzgün olmadıqda problemlərin diaqnostikası da düzgün aparılmır. Bu zaman problemləri həll etmək üçün addımların doğru seçilməsində problem yaranır. Ona görə, sadə insanlar real vəziyyətlə statistik rəqəmlər arasında fərq olduğunu həmişə görür”.
Qeyd edək ki, 2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb. Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. (Sherg.az)