Qida Təhlükəsizliyi Agentliyi bu gündən əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib.
Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, qurum “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək.
Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.
Hazırlanan maarifləndirmə materiallarında “tarladan süfrəyə” prinsipi ilə həyata keçirilən qida zənciri, uşaqlar üçün yemək çantası hazırlayan zaman diqqət edilməlisi vacib olan məqamlar, məişətdə sadə qaydalarla qidanın təhlükəsizliyinə əməl etmə qaydaları öz əksini tapıb.
Qida təhlükəsizliyi terminlərini sadə və anlaşılan dillə, ən geniş auditoriyaya çatdırmağı hədəf götürən Agentlik, bu layihə çərçivəsində məlumatlandırıcı materialları təhsil müəssisələrində, insanların daha çox vaxt keçirdiyi ictimai iaşə, xidmət obyektlərində və sosial şəbəkələrdə yayacaq.