Qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümüyəndələrinin Qərb bölgəsində (Qazax, Tovuz, Ağstafa rayonları üzrə) görüşləri təşkil olunub.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşlərdə AQTA-nın, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Görüşlərdə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirlərini həyata keçirməlidirlər.
Onu da bildirək ki, qəhvəyi mərmər bağacığın müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində maarifləndirici görüşlərin keçirilməsi ilə yanaşı, zərərverici haqqında maarifləndirici buklet və bannerlər də yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır. Həmçinin qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub.