Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama məhsulu istehsal olunub.
Prezidentin “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli Sərəncamına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 1,5 milyon ədəd, 2017-ci il noyabrın 29-da isə 1 milyon ədəd tut tingi tədarük edilib, bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.
Həyata keçirilən tədbirlərin davamı olaraq 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) iki mərhələdə - aprelin 17-si və 24-də Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.
Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipək qurdlarının bir hissəsinin aprelin 27-28-də bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılması həyata keçirilib.
Tut ipəkqurdu toxumlarının kümçülərə paylanılması münasibətilə aprelin 28-də Damazlıq İpəkçilik Stansiyasında keçirilən tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov rayonların baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə barama qurdlarının bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini verib. Nazirliyin rəsmisi bildirib ki, qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində əhalinin məşğulluğunun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2025-ci ilə qədər barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub.
Kümçülərlə söhbət zamanı İmran Cümşüdov baramaçılığın çox sərfəli və gəlirli bir fəaliyyət sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, baramaçılıqla məşğul olan ailələr digər təsərrüfat sahələrindən ayrılmadan 30-40 gün müddətində əlavə gəlir əldə edə, qazanclarını artıra bilərlər. Diqqətə çatdırılıb ki, 2017-ci ildə baramaçılıq sahəsindən 3 mindən çox kümçü ailəsi yararlanıb.
Nazirliyin rəsmisi vurğulayıb ki, Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.
Tədbirin sonunda ipək qurdlarını təhvil alan rayonların nümayəndələrinə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və məlumat kitabçaları verilib.
Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipək qurdlarının qalan hissəsi mayın 3-4-də dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılacaq. (AZƏRTAC)