Çərəzlər (badam, qoz, fındıq, yerfındığı, kaju və s.) sağlam yağlar, zülal və liflərlə zəngindir. Lakin bu qidalar yüksək kalorili olduğuna görə onların doğru zamanda və miqdarda istehlakı həm sağlamlıq, həm də arıqlama baxımından mühüm əhəmiyyət daşıyır.

Foodinfo.az mütəxəssislərin tövsiyələrinə əsasən çərəz yemək üçün ən uyğun vaxtları təqdim edir:

1. Səhər saatlarında günə enerji ilə başlamaq üçün

Səhər yeməyinə və ya səhər yeməyindən sonra 1 ovuc (20–30 qram) çərəz qəbul etmək bədəni uzun müddət tox saxlayır, enerji verir və beyin fəaliyyətini artırır. Bu xüsusilə işə və ya məktəbə gedənlər üçün ideal seçimdir.

2. Günortadan əvvəl 

Səhər saat 10:00–11:00 arası və ya günorta yeməyi ilə axşam arasında çərəz yemək qan şəkərini taraz saxlayır, qəfil aclıq hissini azaldır və yeməkdə artıq kalori qəbulunun qarşısını alır.

3. İdmandan əvvəl və ya sonra

İdmandan təxminən 30 dəqiqə əvvəl bir ovuc çərəz (xüsusən badam və ya qoz) bədənə enerji verir. İdmandan sonra isə bu qidalar əzələlərin bərpasına kömək edən zülal və minerallarla bədəni dəstəkləyir.

4. Axşam çox miqdarda yemək olmaz

Axşam saatlarında, xüsusilə yatmazdan əvvəl çərəz yemək tövsiyə edilmir. Çünki tərkibindəki yağlar və kalorilər yuxu zamanı həzm sisteminə əlavə yük salır və artıq çəkiyə səbəb ola bilər.

5. Ən sağlam variant – duzsuz və qovrulmamış çərəzlər

Mütəxəssislər bildirirlər ki, duzlu və ya qızardılmış çərəzlər yerinə təbii, qovrulmamış və duzsuz olan növlər seçilməlidir. Belə olduqda, həm ürək-damar sistemi qorunur, həm də orqanizmə faydalı yağ turşuları daxil olur.