Zəfəran bənövşəyi rəngin ən fərqli çalarlarını özündə əks etdirən zərif, gözəl və qiymətli bitkidir. Uzun əsrlərdir ki, ondan məişət və təbabətdə geniş istifadə olunur. Min bir dərdin dərmanı olan zəfəran milli kulinariyada 50-dən çox şirniyyatın hazırlanmasında tətbiq edilir. Tarixi mənbələrə görə 4 min il əvvəl yaşamış qədim xalqlar da zəfərandan istifadə ediblər.
Tarixi mənbələr IX əsrdə Azərbaycandan xarici ölkələrə zəfəran ixrac edildiyini xəbər verır. O da məlumdur ki, XVIII əsrdə Bakının gerbində dəvə yükünün üstündə çiçək açmış zəfəran təsvir edilmişdi. Deməli, hələ o dövrlərdən Bakıda əkilib-becərilən zəfəran Abşeronun rəmzinə çevrilib. Münbit torpağı sevən bitki kiçik Asiya, İran, Suriya, Hindistan, Çin və Yaponiyada, eləcə də bır sıra Avropa ölkələrində becərilsə də, Abşeron zəfəranı dünyada seçilir. Ölkəmizdə bitkinin yabanı halda bitən 6 növü var.
Midiya və Assuriyaya aid edilən yazılı qaynaqlarda zəfəranın adı çəkilir. Keyfiyyətinə görə dünyada şöhrət qazanan Abşeron zəfəranından ata-babalarımız dərman vasitəsi kimi də istifadə ediblər.
Zəfəranı qiymətli edən onun telləridir. Ətir yağları ilə zəngin olan zəfəran tellərinin 75-80 qramı 1 kiloqram çiçəkdən alınır. Onu əsl şəfa mənbəyi hesab edirlər. Tərkibi rəngləyici maddələr, şəkərlər və digər vitaminlərlə zəngindir.
Xalq təbabətində geniş istifadə olunan zəfərandan mədə-bağırsaq, ürək, öskürək və qızdırma zamanı istifadə edilir. Vaxtilə böyük loğman İbn Sina “Tibbi qanunlar” kitabında zəfəran bitkisinin 300-dən çox xəstəliyə dərman olduğunu yazıb. (AZƏRTAC)