Payızda havaların dəyişməsi, günəş işığının azalması və yorğunluq hissi bir çox insanda əhval düşkünlüyünə səbəb olur. Foodinfo.az xəbər verir ki, ABC nəşrinə danışan diyetoloq İnqrid Daniyele bu haldan çıxmaq üçün rasiona xüsusi qidalar əlavə etməyi tövsiyə edib.

Onun sözlərinə görə, orqanizmə həm enerji, həm də xoş əhval verən təbii məhsullar mövcuddur və düzgün seçim payız stressini azalda bilər. Mütəxəssis ilk olaraq balqabaq və şirin kartof (batat) kimi tərəvəzləri şorba, püre və isti yeməklərə qatmağı məsləhət görüb, çünki onlar orqanizmdə yorğunluğu azaldır və mövsümi dəyişikliklərə uyğunlaşmağa kömək edir.

O, həmçinin gündəlik menyunu üzüm və nar kimi antioksidantla zəngin meyvələrlə rəngləndirməyi tövsiyə edib. Daniyele vurğulayıb ki, paxlalılar tərkibindəki triptofan sayəsində “xoşbəxtlik hormonu” serotinin yaranmasına təkan verir və bu da əhvalın yüksəlməsinə səbəb olur. Bununla yanaşı, göbələklərdən istifadə immun sistemini gücləndirir və sinir sistemini dəstəkləyir.

Diyetoloq əlavə edib ki, tünd şokolad beyinə qan dövranını artırır, konsentrasiyanı yaxşılaşdırır və yüngül şəkildə enerji verir. Son olaraq, o, qoz, badam və digər fındıqlı qidaların maqniy, omeqa-3 və antioksidant baxımından çox dəyərli olduğunu bildirib. Bu maddələr yaddaşı möhkəmləndirir, stressi azaldır və payız depressiyasına qarşı təbii qoruyucu rol oynayır.

Mütəxəssis hesab edir ki, bu səkkiz məhsulu rasiona daxil edən insanlar payızı daha yüngül və xoş əhvalda keçirə bilərlər.