Bakıda “Semayf” restoranında niderlandlı və yerli aşpazların iştirakı ilə ustad dərsləri keçirilib. Ustad dərsləri “Savalan” şərablarının istehsalçısı “ASPİ AQRO” MMC və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə təşkil edilib. Tədbirin keçirilməsində məqsəd Avropa mətbəxinin öyrənilməsi, şərabın milli mətbəxdə modern istifadə olunması, Azərbaycan milli mətbəxinin təbliği, onun xarici qonaqlara və yerli tamaşaçılara bir daha nümayiş olunması, habelə Niderland ilə ölkəmiz arasında qastronomiya sahəsində ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənmdirilməsidir. Tədbirdə Niderland Krallığının ölkəmizdəki səfiri Onno Kervers çıxış edərək, iki ölkə arasında əməkdaşlıq əlaqələrindən söz açıb. Vurğulanıb ki, hər iki dövlət bir-biri ilə mövcud əlaqələrin daha da genişlənməsində maraqlıdır və belə tədbirlər mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Qeyd olunub ki, belə tədbirlərin təşkili ölkələrin mədəniyyətini təbliğ etməklə yanaşı, həm də xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin inkişafı və dərinləşdirməkdə olan dostluq münasibətlərinin bəhrəsidir. “SAVALAN” şərablarının istehsalçısı “ASPİ AQRO” MMC-nin İdarə Heyətinin üzvü Arif Rəhimov, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Yusif Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Onlar bu cür tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər, bu sahədəki yeniliklərdən və aşpazların maraqlı əl işlərindən məlumatlı olmaq üçün bu tədbirin fürsət olduğunu söyləyiblər. Sonra qonalar aşpazların əl işləri ilə yaxından tanış olublar. Azərbaycanlı aşpazlar tərəfindən quzu budu şərablı marinadda, dolma üzüm yarpağından, sırdaq nərə balığıyla ağ şərabda, səbət qırmızı şərabda marinadda, desert - Xan halvası hazırlanıb. Tədbirdə peşəkar mütəxəssislərlə yanaşı, Bakı Turizm Məktəbi, Bakı Qida Sənaye Kolleci, 5 və 12 nömrəli peşə liseylərinin tələbə və müəllim heyəti də iştirak edib. Qeyd edək ki, ötən gün niderlandlı qonaqlar “ASPİ-AGRO” MMC-nin Qəbələ rayonunda fəaliyyət göstərən “Savalan” zavodunun üzüm bağları, eləcə də həmin müəssisədə “Savalan” brendi ilə istehsal olunan şərabların keyfiyyəti, saxlanma şəraiti və şərabların xarici bazara ixracı barədə məlumat əldə edib, habelə Azərbaycanın milli yeməklərinin dadına baxıblar. Qonaqlara məlumat verilib ki, zavodun 343 hektar sahədə üzüm bağı mövcuddur və bunun 298 hektarı texniki növ, 45 hektarı isə süfrə növündən ibarət üzüm bağlarıdır. Şirkətin Qəbələ rayonundakı üzüm bağlarında İtaliya və Fransadan gətirilən 21 növ texniki və 14 növ süfrə üzüm sortları yetişdirilir. Hazırda zavodda “Savalan” brendi ilə 16 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir. Zavodun məhsulları bir sıra beynəlxalq şərab və dequstasiya sərgilərində qızıl medal qazanıb. Niderlandlı aşpaz Kil Bahm müsahibəsində bildirib ki, Qəbələdə müasir avadanlıqla təchiz edilən “Savalan” şərab zavodunun fəaliyyətini, üzüm bağlarını çox bəyənib, rayonun təbiətinə, insanların qonaqpərvərliyinə, milli yeməklərə heyran olub. “Biz bilirik ki, “Savalan” şərabları Niderlandda geniş satılır. Bu şərablar Niderlanddan Avropanın digər ölkələrinə göndərilir”, - deyə Kil Bahm qeyd edib. O, qədim şərabçılıq ənənələrinə malik olan Azərbaycanda da istehsal edilən “Savalan” şərablarını çox bəyəndiyini, onun keyfiyyətinin və istehsal texnologiyasının başqalarından tam fərqləndiyini və heç də Avropa şərablarından geri qalmadığını vurğulayıb: “Mən müasir texnologiya ilə yüksək keyfiyyətli şərabların istehsal edildiyi bu zavodda olmağımdan çox şadam. “Savalan” şərab zavodunda 16 çeşiddə məhsul istehsal olunaraq xarici ölkələrə ixrac edilir. Bu zavod böyük uğurlara imza atacaq”. (AZƏRTAC)