“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası davam etdirilir. Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) olub. Agentlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə - IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. AQTA informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Eyni zamanda Agentlik məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə - BaaS (Backup-as-a-Service) bulud xidmətindən də istifadə edir. Bu xidmət daxilində təqdim olunan funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə “AzInTelecom” AQTA mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və fasiləsiz monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən iki Data Mərkəzinə malikdir.