"Sığortalanan heyvan və bitkilərin siyahısı genişlənəcək". Foodinfo.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib. O qeyd edib ki, Fond tərəfindən hökumətə aqrar sığorta predmetlərinin, yəni sığortalanacaq bitkilərin siyahısının genişlənməsi ilə bağlı təkliflər təqdim edilib: "Bu təkliflərə əsasən həmin siyahıdakı bitkilərin 45-ə çatdırılması gözlənilir. İlkin olaraq deyim ki, bura yonca, soya, soğan, demək olar ki, əksər meyvələr, bostan bitkiləri və başqaları aiddir. Sığortalanan heyvanların da siyahısı genişlənəcək. Artıq südlük inəklərlə yanaşı, iribuynuzlıu ətlik heyvanlar və xırdabuynuzlu heyvanların  - qoyun və keçi təsərrüfatlarının da sığortalanması mümkün olacaq. Eləcə də arı təsərrüfatları da sığortalana biləcək. Yəni, aqrar sığorta mexanizmi ildən-ilə genişlənəcək və xidmətlərin əhatə dairəsi böyüyəcək". Qeyd edək ki, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini, kənd təsərrüfatı heyvanlarından isə südlük inəkləri sığortalamaq mümkündür. Yeri gəlmişkən, qarşıdakı aylarda bu siyahı həm bitkilər, həm də heyvanlar üzrə genişlənəcək. Sığorta tarifləri və sığorta haqlarına gəlincə, Aqrar Sığorta Fondu bu barədə daim ictimaiyyəti məlumatlandırır. Heyvanların sığortalanması üçün tariflər 6,1%-9,5% arasında dəyişir. Sığorta haqqının yarısını da dövlət ödəyir.