Bu ilin may ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində Biznes İnam İndeksi (Bİİ) 15,5 bənddən 14,8 bəndədək enib. Foodinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, son üç ayda faktiki satışlar üzrə indeks kəskin azalaraq 26 bənddən 2 bəndə enib. Mal ehtiyatlarının dəyişməsi üzrə indeks isə 0,4 bənddən -1,3 bəndədək azalıb. Qeyd edək ki, növbəti 3 ayda satışlar üzrə gözləntilər kəskin artıb və mayda 41,2 bənd təşkil edib (apreldə – 20,7). Qiymət gözləntiləri isə cüzi azalaraq 5,3 bənddən 3,6 bəndə düşüb. Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,023 mlrd. manatlıq məhsul satılıb, bu da illik müqayisədə 0,1% çoxdur. Təkcə aprel ayında 2,498 mlrd. manatlıq məhsul satılıb ki, bu da mart ayı ilə müqayisədə 28,6% azdır.