Yay fəslində əhali arasında tez-tez rast gəlinən xəstəliklərdən biri də zəhərlənmədir. Çünki isti hava şəraitində qida məhsulları daha tez xarab olur və keyfiyyətini itirir. Diqqətsizlik və laqeydlik nəticəsində qəbul edilən belə qidaların qəbulundan sonra zəhərlənmə halları baş verir. Ona görə də isti vaxtlarda qida zəhərlənmələrinin baş verməməsi üçün hər kəs diqqətli olmalı, keyfiyyətli və zərərsiz qida məhsullarından istifadə etməyə çalışmalıdır. Havaların isti keçməsi ilə əlaqədar olaraq əhali arasında mədə-bağırsaq xəstəlikləri və qida zəhərlənmələrinə bu günlərdə daha teztez rast gəlirik. Məsələ ilə bağlı yolumuzu rayon Mərkəzi Xəstəxanasına saldıq. Bu barədə xəstəxananın həkimi Turac Xudiyeva ilə həmsöhbət olduq. Həkimlə baş tutan müsahibəmdən: Yay mövsümündə qida zəhərlənmələrinin sayının artmasının səbəbi nədir? -Yay aylarında zəhərlənmələrin geniş yayılmasının birinci səbəbi isti iqlim şəraitidir. İsti hava şəraitində qida məhsulları daha tez xarab olur və keyfiyyətini itirir. Məlumdur ki, hava hərarəti çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı daha da çoxalır. İstər uşaqlarda, istərsə də böyüklərdə qida zəhərlənmələri nədən baş verir? -Zəhərlənmələrin əsas səbəbi qida məhsullarının düzgün saxlanılmamasıdır. Vaxtı ötmüş məhsulların, yuyulmamış meyvə və tərəvəzlərin qəbul olunmasıdır. Çalışmaq lazımdır ki, yay aylarında düzgün şəraitdə saxlanılmış məhsullardan istifadə olunsun. Qida zəhərlənmələrinin əsas əlamətləri necə olur? - İlk növbədə, bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur. Yəni, səhər yeməyi qəbul edilən zaman insan özündə prodromal dövr hiss edir. Prodromal dövr dedikdə, ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur. Zəhərlənmə müşahidə olunarkən nə etmək lazımdır? -Birinci növbədə, mədə və bağırsağın yuyulmasına əməl etmək lazımdır. Çoxlu miqdarda sodalı və marqanatlı su, ayran içirilməlidir. Zəhərlənmədən və mədəbağırsaq xəstəliklərindən sonra pəhriz saxlamaq lazımdır. Artıq zəhərlənmə inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki ağırlaşmalar baş verə bilər. Qida zəhərlənmələri neçə növ olur və ən ağırı hansıdır? -Ağır növ kimi ən çox ölüm hallarına gətirib çıxaran botulizm hesab olunur. Adətən botulizm düzgün şəraitdə hazırlanmamış konserv məhsullarından əmələ gəlir. Oksigen olmayan şəraitdə butulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Qida zəhərlənmələri adətən stafilokok kimi mikrobtörədici xəstəliklərdir ki, bunlar da yüngül və orta keçə bilər. Bəs bağırsaq infeksiyaları zəhərlənmədə nə kimi rol oynayır? -Bağırsaq infeksiyaları, sadəcə olaraq, qida toksoik infeksiyalarının adıdır. Bu xəstəliklərin hamısı eynidir. Bəziləri buna qida zəhərlənməsi, bəziləri isə qida toksik infeksiyaları deyir. Yay fəslində necə qidalanmalı və hansı qidalara daha çox üstünlük verilməlidir? -Bu fəsildə düzgün qidalanmaya xüsusilə diqqət edilməlidir. Çünki qidalanma vərdişlərindəki dəyişikliklər bir sıra fəsadlara yol aça bilər. Ancaq sağlam və balanslı qida məhsulları qəbul etməklə yay aylarında bu cür xəstəliklərin qarşısını almaq mümkündür. Buna görə də qatıq və digər ağartı məhsullarına, təzə meyvə və tərəvəzlərə, göyərtilərdən hazırlanmış salatlara, yağsız yeməklərə üstünlük verilməlidir. Qida zəhərlənmələrinin qarşısını almaq üçün insanlara məsləhət və tövsiyələriniz nədir? -Bu patologiyalarla bizə müraciət edən xəstələrə lazımi tibbi yardım göstərir, məsləhətlər veririk. Demək istərdim ki, meyvətərəvəzdən, göyərtidən, bostan məhsullarından istifadə edilən zaman təmiz yuyulsun və sonra qəbul olunsun. Şəxsi gigiyena qaydalarına riayət edilsin. Bu da sağlamlıq üçün ən vacib şərtdir. Əgər bu məsləhətlərə əməl edilərsə, onda zəhərlənmə hallarının baş verməsi ehtimalı azalar, mədəbağırsaq xəstəlikləri yaranmaz. Unutmaq olmaz ki, belə zəhərlənmələr bəzən acı nəticələr də verir. Ona görə də bu isti yay günlərində hər kəs sağlam və xoş əhval-ruhiyyə ilə vaxtını keçirmək istəyirsə, onda qidalanmasına və şəxsi gigiyena qaydalarına diqqət yetirməlidir. Qida məhsullarını və bişmiş yeməkləri əsasən soyuducuda qapalı şəraitdə saxlamaq lazımdır.