Vergi Xidməti toy məclislərini müəyyən edilmiş qaydalara uyğun keçirilməsinə nəzarət üçün şadlıq saraylarında gündəlik monitorinqlərin nəticələrini açıqlayıb. Foodinfo.az FED.az-a istinadən bildirir ki, monitorinq qrupları bu günədək 800-dən çox obyektdə vəziyyəti araşdırıblar. Nəzarət tədbirləri zamanı bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə  verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və s. ilə bağlıdır. Belə ki, monitorinq aparılan mərasimlərdə iştirak edən 108 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların  bir hissəsində (12 min nəfərə yaxın) nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 500 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub. Bununla yanaşı, monitorinqlər zamanı 21 şənlik mərasiminin icazə.e-gov.az portalına daxil edilmədən təşkil olunduğu da aşkarlanıb. Belə hallarda toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar  yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam  etdirilməsi təmin olunub və monitorinq qrupları yeni ailə quranlara hədiyyələr təqdim ediblər. Toyların keçirildiyi şadlıq evləri, restoran, istirahət mərkəzləri üzrə işçilərin vaksin və immun sertifikatı ilə əhatə olunması vəziyyəti də araşdırılıb. Və araşdırma göstərib ki, bu sahədə ciddi irəliləyiş var. Belə ki, maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi 42,5%-dən 72,1%-ə yüksəlib. «Bu həmçinin, vergi ödəyicilərinin muzdlu işçilərinin qeydiyyatının da şəffaflaşması deməkdir»-deyə vergi xidməti bildirir. Vergi Xidməti bir daha şənlik mərasimi keçirən obyektlərin və məclis sahiblərinin nəzərinə çatdırılır ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri  vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər.