Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Yalan danışmağı dayandırın” adlı kampaniyanın başlanmasını rəsmi elan edib. Bu təşəbbüs tütün sənayesinin siyasətə təsirinə son qoymağa və gəncləri bu sahənin ölümcül məhsulundan qorumağa çağırır.

Foodinfo.az-ın xəbərinə görə, AZƏRTAC ÜST-yə istinadla xəbər verir ki, “Tütün sənayesi 2023-ün qlobal müdaxilə indeksi”nin məlumatına görə, tütün sənayesinin bütün dünyada səhiyyə sahəsinə təsiri güclənib. Sahə onun maraqlarını inkişaf etdirən təşkilatları maliyyələşdirir, siqaretçəkməyə qarşı mübarizədə lobbiçiliyə böyük vəsaitlər sərf edir.

Bundan başqa, tütün şirkətləri və onların təmsilçiləri məhkəmələrə müraciət edir, siyasətə və qanunvericiliyə təsir göstərmək üçün maliyyə və digər maraqoyadıcı amillər təklif edirlər. ÜST bildirir ki, bu, hətta tütün əleyhinə mübarizədə Çərçivə konvensiyası tərəflərinin qarşıdakı konfransına hazırlıq zamanı baş verir. Bununla belə, ÜST-nin Çərçivə konvensiyasının tərəflərindən 183-ü sənayenin təsirinə müqavimət göstərmək, əhalinin həssas qrupunun, o cümlədən gənclərin sağlamlığını müdafiə etmək öhdəliyini öz üzərlərinə götürüb.

ÜST gənc nəslin maraqlarını müdafiə etməyə və ona tribunanı təqdim etməyə çalışır. Tütün istehlakçılarının yarısı vaxtından əvvəl həyatla vidalaşdığından tələbatın və gəlirin dəstəklənməsi əhəmiyyətli şəkildə gənc alıcıların cəlb olunmasından asılıdır. Tütün şirkətləri gənclərin etibarını və marağını qazanmaqdan ötrü müxtəlif vasitələrdən istifadə edirlər.

Mentollu və ətirli siqaretlər, eləcə də şirin dada və cəlbedici dizayna malik elektron siqaretlər gənc nəsil arasında məhsulun populyarlaşmasına şərait yaradıb. Eyni zamanda, bu məmulatların istehlakçıları onların mənfi təsiri barədə məhdud informasiyaya malikdirlər. Tütün şirkətləri saxta təşkilatlar, sosial şəbəkələrdə rəy liderləri, sponsorluq etdikləri tədbirlər, yanlış fikirlərə əsaslanan tədqiqatların maliyyələşdirilməsi və korporativ sosial məsuliyyət sahəsində təşəbbüslər vasitəsilə dezinformasiya yayırlar. Sahənin təmsilçiləri ictimaiyyətə həmişə yalan danışıblar və keçmişdə hətta təkid ediblər ki, siqaretçəkmə ağciyər xərçəngi ilə əlaqəli deyil. Bu gün məlumdur ki, tütün bütün xərçəng hallarının 25 faizinin səbəbkarıdır və hər il 8 milyondan çox insanı öldürür. Bununla yanaşı, tütün sənayesi ildə trilyonlarla siqaret istehsal edir və hələ də sağlamlığa ziyan vuran “daha təhlükəsiz” adlandırdıqları “yeni” məhsulu irəli çəkir.

ÜST tütün sənayesi tərəfindən müdaxilə şəraitində siqaretçəkməyə qarşı mübarizədə elmi əsaslandırılmış tədbirlərin tətbiqində ölkələri dəstəkləyir. “Biz bütün ölkələri səhiyyə sahəsini bu ölümcül sferadan qorumağa çağırırıq”, - deyə ÜST-nin təmsilçisi Ryudiger Kreç vurğulayıb.

Təşkilatdan onu da bildiriblər ki, orqanizmə yetirdiyi böyük zərər ilə yanaşı, tütün və nikotin məmulatlarının istehsalı və istifadəsi ətraf mühitə də ziyan vurur, psixi sağlamlığı korlayır, həmçinin qeyri-qanuni uşaq əməyindən də istifadə edilir.