Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il25 dekabr tarixində 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur.
Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, - deyə sənəddə vurğulanır.
Vətənimizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə də diqqət artırılır.Ölkəmizin zəngin təbiətini qorumaq üçün mütəmadi yeni layihələr həyata keçirilir. Belə ki, bu məqsədlə 2003-cü il “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunub. 2010-cu il “Ekologiya ili” elan olunub. Ekoloji tarazlığın qorunması, təbii sərvətlərin mühafizəsi sahəsində mövcud olan “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və digər dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşması üçün görülən işlərin davamlı olduğuna bariz nümunədir.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Beynalxalq ekoloji konvensiyalar”, “Azərbaycan Respublikasında ekoloji siyasət”, “İşğaldan azad edilmiş ərazilərdə ekosistem”, “İdea ictimai birliyi”, “Yaşıl marafon”, “Ekoloji təqvim”, “Ekosistemin qorunması” “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Yasil_Dunya/index.html linkindən istifadə edə bilərlər.