Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı və Agentliyin Kollegiyasının qərarı ilə təsdiq olunan “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”, “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” və “Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. 

Foodinfo.az xəbər verir ki, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin Qaydalara 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib. Bu sənəd dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyənləşdirir. Qaydalara görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. 

“Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nda heyvan bazarlarının quruluşuna və yerləşməsinə, bu tip bazarlarda dövlət baytarlıq nəzarətinin həyata keçirilməsinə və işçilərin fərdi sanitariya normaları və qaydalarına dair tələblər əksini tapıb. Sənəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə heyvanların ticarəti həyata keçirilən heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyən edir. Bu Qaydalar heyvan bazarlarında heyvanların pərakəndə və topdan satışı, qəbulu və müvəqqəti saxlanması ilə bağlı fəaliyyətə şamil olunur. 

“Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları”nda məntəqələrin quruluşuna və yerləşməsinə, məntəqələrdə ləvazimatlara (alət və avadanlıqlara), məntəqələrə südün daşınması, qəbulu, saxlanması və topdan satışına, məntəqələrdə və südün nəqliyyat vasitəsinə yüklənməsində iştirak edən işçilərin fərdi sanitariya normaları və qaydalarına dair tələblər və südün saxlanmasına dair temperatur tələbləri əks edilib. Sənəd istehlakçıların qanunvericiliyə uyğun olaraq minimum keyfiyyət tələblərinə cavab verən və təhlükəsiz süd və süd məhsulları ilə təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyənləşdirir. Bu Qaydalar məntəqələr tərəfindən südün daşınması, qəbulu, saxlanması və topdan satışı ilə bağlı fəaliyyətə şamil olunur. Süd toplama məntəqələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti isə AQTA tərəfindən həyata keçirilir.