Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9 mkr, ev 10 ünvanında fəaliyyət göstərən, “Bluebake” MMC-yə məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Agentlikdən Foodinfo az-a bildirilib ki, baxış zamanı müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, dondurucuda mal qonşuluğu prinsipinin pozularaq xammal və hazır məhsulların birlikdə saxlandığı, hazırlanan tortların və dondurulmuş qidaların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, qablaşdırma materiallarının və xammalların saxlanması, eləcə də kremlərin hazırlanması, biskvitlərin bişirilməsi, qidaların donunun açılması və qabların yuyulması üçün ayrıca sahənin təşkil edilmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, havalandırma sisteminin qurulmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində saxlandığı və digər nöqsanlar aşkarlanıb. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılmasına, unlu və kremli qənnadı məmulatlarının istehsalına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.