Əgər konfet, şokolad və digər şirniyyatlardan daha az yemək istəyirsinizsə, onların yeyildiyi əks olunan videolara baxın. Qəribə olsa da, bununla şirniyyata olan həvəsi azaltmaq olar. Lakin effekti əldə etmək üçün virtual reallıq və ya artırılmış reallıq qurğusuna ehtiyac var.

 Foodinfo.az xəbər verir ki, bu nəticəyə Sinqapurun Nanyanq Texnoloji Universitetindən olan alimlər gəliblər.

Belə ki, araşdırma zamanı məlum olub ki, konfet yeyilən immersiv videoya 30 dəfə baxanlar daha sonra orta hesabla 32-38% (daha dəqiq desək, 3 ədəd) daha az konfet yeyiblər.

Mütəxəssislər hesab edirlər ki, videoya dəfələrlə baxmaq iştirakçılara həqiqətən də konfet yediklərini hiss etdirir. Yəni onların beyni artıq konfeti yediyini düşünməyə başlayır, ona görə də şirniyyata həvəs azalır. Bu, həm də orqanizmin alışması ilə bağlıdır.

Bundan əlavə, ekspertlər videolara baxarkən şokoladın qoxusunun iştirakçıların konfet həvəsinə necə təsir edəcəyini də yoxlayıblar. Nəticədə, onlar 11% (orta hesabla 4 ədəd) daha az M&M konfetlərindən yeyiblər.