Çox vaxt mağazalarda satılan pomidorların arasında içinin yarısı yaşıl və ya böyük ağ zolaqları olanlara rast gəlmək olar. Bu qüsurlar nədən qaynaqlanır və belə meyvələri yemək olarmı?

 Foodinfo.az xəbər verir ki, suala Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin Botanika və Tətbiqi Biologiya kafedrasının dosenti, kənd təsərrüfatı elmləri namizədi Tatyana Alekseyeva cavab verib.

O izah edib ki, pomidorun rəng qüsurları çeşidin xüsusiyyətləri ilə bağlı ola bilər. 

Belə ki, bəzi sortların və hibridlərin yetişmiş meyvələrində sərt ağ zolaqlara rast gəlinir. Onlar daxili rəng verir və meyvələrin saxlanma keyfiyyətini artırır, bu da uzunmüddətli daşınma zamanı onların formasının qorunmasına kömək edir. 

Lakin zolaqlar kalium və kalsium çatışmazlığı, bitki xəstəlikləri, temperatur dəyişiklikləri və ya isti hava səbəbindən də yarana bilər.

Belə pomidorları yeyə bilərsiniz, lakin onların dadı və qida dəyəri aşağıdır. 

Yaşıl pomidor isə tövsiyə olunmur. Mütəxəssisin sözlərinə görə, rəng qüsuru həm də pomidorun yetişməmiş yığılması ilə əlaqədar olur. Belə pomidorlar acı ola bilər. Onların tərkibində insanlar üçün təhlükəli maddə də var.

"Pomidor nə qədər yaşıl olsa, tərkibində bir o qədər solanin var. Bu, yetişməmiş meyvələri bakteriya, həşərat, göbələklərdən qoruyan qlükoalkaloiddir. Solanin təbii zəhərdir. Lakin insanlar üçün yalnız böyük miqdarda təhlükəlidir. Məsələn, zəhərlənmək üçün təxminən iki kiloqram yaşıl pomidor yemək lazımdır", - deyə Alekseyeva izah edib.