İnternetdə yumurta qaynatdıqdan sonra həmin qabın yuyulmalı olub-olmaması barədə mübahisələr gedir.
Foodinfo.az xəbər verir ki, bu sualın cavabını diyetoloq Yuliya Zinçenko verib.
"Yumurta qaynatdıqdan sonra, təbii ki, həmin qazan yuyulmalıdır. Məsələ hətta mikroba bulaşmaqda da deyil, qaynadılmış sudan qabın divarlarında yaranan ərpdədir, xüsusilə də suya xörək duzu əlavə edildikdə. Bu ərp gözlə görünməsə də, onu barmaqların ucu ilə hiss etmək olar. Təzə yaranan ərpi təmizləmək dəfələrlə istifadədən sonrakı köhnəni təmizləməkdən daha asandır. Bu yolla biz qabların istifadə müddətini uzadırıq”, - deyə ekspert izah edib.
Lakin qaynatdıqdan sonra qabları yumağı unutsanız da, təhlükəli bir şey olmayacaq. Salmonella qaynayan suda ölür.
Yumurtaları mağazadan alan kimi dərhal yumaq lazım deyil, çünki yuyulmuş məhsullar cəmi 12 gün saxlanılır, "çirkli" yumurtalar isə 90 günə qədər soyuducuda qala bilər. Lakin omlet və qayğanaq hazırlamazdan əvvəl onları yumaq daha yaxşıdır, çünki qırılan zaman yumurtanın ağ və sarının qabıqla təması salmonellyoza səbəb ola bilər.