
Terapevt Oksana Drapkina qida rasionunda duzun ədviyyatlarla əvəz olunmasını tövsiyə edib. Foodinfo.az bildirir ki, akademik kp.ru saytına verdiyi açıqlamada qeyd edib ki, duzun həddindən artıq qəbulu hipertoniya, infarkt və insult kimi ciddi xəstəliklərin əsas risk faktorudur.
Drapkinanın sözlərinə görə, gündəlik duzun yalnız 20 faizi birbaşa əlavə edilir, qalan hissəsi isə məhsulların tərkibində gizli şəkildə mövcuddur. Bu isə fərqinə varmadan orqanizmə artıq duz yüklənməsi ilə nəticələnir.
O, duzun istifadəsini azaltmaq üçün alternativ yollar təklif edib: "Süfrə duzunun əvəzinə yeməklərdə limon suyu, qurudulmuş və ya qızardılmış zəncəfil, təzə göyərti, eləcə də qurudulmuş soğan və sarımsaqdan istifadə etmək mümkündür".
Terapevt əlavə edib ki, duz miqdarına nəzarət etməyin ən səmərəli yolu yeməkləri ev şəraitində, özünüzün hazırlamasıdır. Çünki hazır və paketlənmiş məhsullarda duz miqdarı adətən daha yüksək olur. Mütəxəssis bu kimi sadə dəyişikliklərin uzunmüddətli sağlamlıq üçün vacib olduğunu vurğulayıb.