Ürək və damar sağlamlığını qorumaq üçün gündəlik qidalanma vərdişlərinin böyük rolu var. Foodinfo.az bildirir ki, kardioloq, Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin laboratoriya rəhbəri Kseniya Yeruslanova səhər yeməyindən imtinanın ciddi fəsadlara səbəb ola biləcəyini açıqlayıb.

Mütəxəssis qeyd edib ki, yemək qəbulunun müntəzəm buraxılması orqanizmdə “stress hormonu” kimi tanınan kortizolun ifrazını artırır. Kortizolun uzunmüddətli yüksəlməsi isə həm iltihabi prosesləri gücləndirir, həm də damar divarlarında aterosklerotik yığıntıların yaranmasına şərait yaradır.

Onun sözlərinə görə, bu hal ürəyin yükünü artırır və gələcəkdə hipertoniya, infarkt və insult riskini yüksəldə bilər. “Orqanizmin ritmik işləməsi üçün səhər yeməyi mütləqdir. Gündəlik enerji balansı da məhz səhərin düzgün başlanmasından asılıdır,” – deyə Yeruslanova vurğulayıb.

Həkim tövsiyə edir ki, səhər yeməyi balanslı və yüngül olmalıdır: yulaf, yumurta, meyvə və süd məhsulları ürək-damar sistemini dəstəkləyən ən uyğun seçimlərdir.

Ekspert əlavə edib ki, pəhrizdə nizam-intizam yaratmaq həm immuniteti gücləndirir, həm də ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.