Sosial şəbəkələrdə yayılan bəzi trendlər, xüsusilə də “səliqəsiz görünüş” ideyasını təşviq edən yanaşmalar mütəxəssislərin diqqətini cəlb edir. İlk baxışda bu tendensiya özünü sərbəst ifadə etmə kimi təqdim olunsa da, onun psixoloji təsirləri mübahisə mövzusudur. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, psixiatr Vyaçeslav Kisov səliqəsizliyin emosional vəziyyətə mümkün təsirlərini izah edib.
Mütəxəssisin sözlərinə görə, insan beyni ilk növbədə xarici görünüş və davranış siqnallarını qəbul edir və bu məlumatlar özünə münasibətin formalaşmasında mühüm rol oynayır. Əgər insan davamlı olaraq özünə qarşı laqeyd, diqqətsiz və nizamsız davranırsa, bu, zamanla onun daxili dünyasına da təsir edə bilər. Belə hallarda özünə hörmətin azalması, diqqətsizlik və emosional qeyri-sabitlik kimi hallar müşahidə oluna bilər.
Həkim qeyd edir ki, səliqəsizlik yalnız müvəqqəti eksperiment kimi qalarsa, ciddi problem yaratmaya bilər, lakin bu davranış uzunmüddətli vərdişə çevrildikdə beyin onu insanın özünüqavrayışının bir hissəsi kimi qəbul etməyə başlayır. Nəticədə insan özünü daha az dəyərli hiss edə və bu da ümumi emosional vəziyyətə mənfi təsir göstərə bilər.
Ekspertlər vurğulayırlar ki, özünü ifadə etmək vacib olsa da, şəxsi baxım və səliqə balansının qorunması psixoloji sağlamlıq üçün mühüm amillərdən biridir.






