Kefir orqanizm üçün faydalı olan vitamin və minerallarla zəngin məhsul kimi tanınır və xüsusilə pəhriz saxlayanlar üçün tövsiyə olunur. Onun tərkibini düzgün inqrediyentlərlə zənginləşdirməklə həm daha faydalı, həm də arıqlama prosesinə dəstək verən içkilər hazırlamaq mümkündür. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kefir əsasında hazırlanan bəzi kokteyllər maddələr mübadiləsini sürətləndirə və orqanizmi toksinlərdən təmizləməyə kömək edə bilər.
Məlumata görə, ən sadə reseptlərdən biri cəfəri və darçınla hazırlanan içkidir. Bunun üçün bir xörək qaşığı xırda doğranmış cəfəri, bir çimdik üyüdülmüş darçın və 100 ml kefir qarışdırılır və ən azı bir saat saxlanılır. Digər faydalı variant isə çuğundur şirəsi ilə hazırlanan kokteyldir. Bu reseptdə 2 xörək qaşığı çuğundur şirəsi, 250 qram kefir, bir çay qaşığı itburnu dəmləməsi və bir çay qaşığı limon suyu blenderdə qarışdırılır.
Üçüncü resept tərəvəz əsaslı kokteyldir. Bunun üçün pomidor, sarımsaq, zeytun yağı və göyərti blenderdə əzilir, sonra üzərinə kefir əlavə edilərək qarışdırılır. Bu içkilər orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir, maddələr mübadiləsini sürətləndirir və çəki azaldılmasına dəstək verir. Bununla yanaşı, mütəxəssislər belə içkilərin balanslı qidalanma ilə birlikdə istifadəsini tövsiyə edir.






