Toyuq əti həm yüngül, həm də hər kəs üçün uyğun olan ən sevilən məhsullardan biridir. Dünyanın müxtəlif xalqları bu məhsuldan fərqli və özünəməxsus yeməklər hazırlayır. Onlardan biri də dadı və ətri ilə seçilən məşhur macar yeməyidir.

Foodinfo.az xəbər verir ki, Macarıstan mətbəxinə aid olan və “paprikaş” kimi tanınan bu yemək ədviyyəli sousu ilə seçilir. Ənənəvi olaraq çoban yeməyi hesab olunan bu resept bu gün dünyanın bir çox ölkəsində sevilərək hazırlanır.

Bu yeməyin əsas xüsusiyyəti paprikalı və pomidorlu sousdur. Məhz bu sous toyuq ətinə xüsusi dad və ətir verir. İstəyə görə bu resepti dana əti və ya balıqla da hazırlamaq mümkündür, lakin klassik variant toyuqla hazırlanır.

Lazım olan ərzaqlar:
– 6 ədəd toyuq budu
– 4 ədəd pomidor
– 1 ədəd qırmızı bibər
– 1 ədəd soğan
– 1 xörək qaşığı paprika
– 1 xörək qaşığı un
– 3 xörək qaşığı bitki yağı
– 5 diş sarımsaq
– duz, qara istiot

Hazırlanma qaydası:
Əvvəlcə toyuq budları az miqdarda yağda hər iki tərəfi qızarana qədər qızardılır. Daha sonra eyni tavada doğranmış soğan və sarımsaq qızılı rəng alana qədər bişirilir.

Ardınca doğranmış qırmızı bibər əlavə olunur və suyu çəkilənə qədər bişirilir. Sonra üzərinə un əlavə edilərək zəif odda qısa müddət qovrulur.

Növbəti mərhələdə rəndələnmiş pomidorlar əlavə edilir, duz və istiot vurulur, az miqdarda su qatılıb qarışdırılır. Toyuq budları yenidən tavaya qaytarılır, sousa bulanır və qapaq altında zəif odda təxminən 45 dəqiqə bişirilir.

Nəticədə zərif, ətirli və doyumlu bir yemək əldə olunur. Süfrəyə verərkən üzərinə göyərti səpmək tövsiyə olunur. Nuş olsun!