Sapvarı yaşıl "Cladophora" yosunundan akvariumların bəzədilməsində tez-tez istifadə edilir. Ümumiyyətlə, kladoforlar təbiətdə ən geniş yayılmış yosunlardan biridir. Onlar həm şirin, həm də ən duzlu sularda yaşayır. Suda qida elementlərinin (azot və fosfor) konsentrasiyası kəskin artanda savparı yaşıl yosunlar onları udur və tez böyüməyə başlayaraq böyük biokütlə yaradır. Bu yosunların mühüm hissəsini dalğalar sahilə atır. Həmin ərazilərdə müxtəlif, o cümlədən xəstəliktörədən mikroorqanizmlər yaranır. Suda isə oksigenin miqdarı azalır, hidrogen-sulfidin və digər zəhərli maddələrin miqdarı artır. Oksigenin konsentrasiyasına həssas olan canlılar, məsələn, balıqlar məhv olur. Əgər bütün bunlar şirin sularda baş verirsə, onu içmək olmaz.
Adətən yosun qalıqları adi təhlükəli zibil hesab olunur. Lakin Rusiya Elmlər Akademiyası A.Kovalevski adına Cənub Dənizlərinin Biologiyası İnstitutunun əməkdaşları yosun qalıqlarından fayda əldə etməyin mümkünlüyü qənaətinə gəliblər. Onlar "Reviews on Aquaculture" nəşrində dərc etdirdikləri yazıda həm özlərinin əldə etdikləri, həm də yüzlərlə digər elmi işlər əsasında kladofor yosunlarının kimyəvi quruluşunu təhlil ediblər.
Foodinfo.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat "Nauka i jizn" saytında yer alıb.
Yosunlar da digər bitkilər kimi yağ turşuları, asetogenlər, fenol birləşmələri, polisaxaridlər, terpenlər, alkaloidlər və digər müxtəlif piqmentlər sintez edir. Onlarda karbohidratların miqdarı yüksəkdir. Yağ turşuları müxtəlif hüceyrədaxili proseslərin tənzimləyicisi, fenol birləşmələri isə antioksidant və antikanserogen kimi məşhurdur. Başlıcası isə odur ki, bütün bunlar yosunlarda lap çoxdur.
Alimlər müəyyən ediblər ki, kladoforda üzvi maddələrin ümumi miqdarı 61 faizə çatır. Ona görə də yosunlardan tibbi və kosmetik preparatların hazırlanmasında istifadə etmək olar. Bundan başqa, ev heyvanlarının, balıq və krevetlərin qidalarına əlavə edilə, eləcə də qida sənayesində əlavə kimi istifadə edilə bilər.
Son xəbərlər
- Mütəxəssis sitrus meyvələrinin faydalarından danışdı
- Həkim səhərlər şirniyyat yeməyi məsləhət görüb
- Ağ çörək 30 ildən sonra “sağlam qidalar” siyahısından çıxarıldı
- Alimlər qidada təhlükəli maddələri aşkar edən sensor hazırlayıb
- Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
- Həkim çuğundur suyunun faydalı xüsusiyyətlərindən danışdı