Qan azlığı (anemiya) yalnız yaşlılarda deyil, istənilən yaşda insanda yarana bilər. Foodinfo.az xəbər verir ki, bu barədə Piroqov adına Klinik Tibb İnstitutunun poliklinik terapiya kafedrasının dosenti, tibb elmləri namizədi Dmitri Karpenko RT-yə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, anemiya yeni doğulmuş körpələrdə belə baş verə bilər. Buna səbəb kimi eritrositlərin parçalanması (hemoliz) və ya rezus-konflikt kimi hallar göstərilir. Gənc qızlarda isə menstruasiya dövrünün başlaması ilə bağlı dəmir çatışmazlığı anemiyası geniş yayılıb.

Karpenko qeyd edib ki, sağlam kişilərdə də bu problem yarana bilər:
“Qastrit, mədə və ya onikibarmaq bağırsaq xorasından yaranan qanaxma nəticəsində orqanizm dəmir itirir və bu da anemiyaya gətirib çıxarır. Xüsusilə yaşlı insanlar risk qrupundadır — çünki bu yaşda həm qidalanma fərqli olur, həm də xroniki xəstəliklər dəmir səviyyəsini azalda bilər.”

Alim vurğulayıb ki, anemiya səbəb deyil, nəticədir:
“Qanda hemoglobinin azalması orqanizmdə hansısa problemin göstəricisidir. Ona görə müalicə yalnız dəmir preparatları ilə deyil, əsas səbəbi tapmaqla aparılmalıdır.”

Dəmirin əsas mənbələri

Mütəxəssis deyib ki, dəmirin ən yaxşı mənbəyi heyvani mənşəli məhsullardır.
“Qaraciyər (mal, quş və ya balıq mənşəli), həmçinin qırmızı ət — xüsusən mal əti, dana əti və yağsız donuz əti — bu mikroelementlə ən zəngin qidalar sayılır. Qaraciyər pastaları da orqanizm üçün faydalı dəmir mənbəyidir.”

Bundan başqa, bitki mənşəli qidalar da az miqdarda dəmir tərkibli olur. Karpenko qeyd edib:
“Ənənəvi ‘gündə iki alma yeyin’ tövsiyəsinin elmi əsası var — çünki almada da müəyyən miqdarda dəmir var.”

Hər şeydə olduğu kimi, balans vacibdir

Təcrübəli həkim xəbərdarlıq edib ki, həddindən artıq qırmızı ət istifadəsi, xüsusilə emal olunmuş və yarımfabrikat məhsullar, bağırsaq xərçəngi kimi xəstəliklərin riskini artıra bilər.

“Qidalanmada ölçü və balans hər zaman əsas prinsiplərdən biridir. Dəmir orqanizm üçün vacibdir, lakin onun mənbələrini düzgün seçmək və mütənasib şəkildə qəbul etmək sağlamlığın açarıdır”, — deyə Dmitri Karpenko əlavə edib.