Yuxusuzluq problemi bir çox insan üçün tanışdır. Foodinfo.az Piroqov Universiteti-yə istinadla xəbər verir ki, psixologiya üzrə metodist Elizaveta Kulikova tez yuxuya getməyə kömək edən effektli üsulları açıqlayıb.

Onun sözlərinə görə, yatmazdan əvvəl bədəni sakitləşdirmək üçün nəfəs məşqləri xüsusilə faydalıdır. Bunlar sadə şəkildə yerinə yetirilir: nəfəsi saymaqla idarə etmək lazımdır. Məsələn, beş sayda nəfəs almaq və beş sayda nəfəs vermək, yaxud nəfəs almanı dörd sayda, nəfəs verməni isə altı sayda etmək olar. Bu məşq cəmi 5–10 dəqiqə vaxt aparır və rahatlamanı təmin edir.

Kulikova həmçinin əzələlərin ardıcıl gərilməsi və tam boşaldılması üsulunu tövsiyə edib. Bu üsul bir neçə dövrədən ibarət olur: bütün bədəni on sayda gərmək və sonra tam boşaltmaq.

Mütəxəssis vurğulayıb ki, yatmazdan əvvəl diqqət tələb edən və ya güclü emosiyalar yaradan işlərdən uzaq durmaq lazımdır. Məsələn, həyəcanlandırıcı məzmunlu videolar izləmək, işlə bağlı məsələləri həll etmək, ailə mübahisələri və vacib məsələləri uşaqlarla müzakirə etmək yuxuya mane ola bilər.

Yuxuya getməzdən əvvəl fikirləri xoş xəyallar və fantaziyalar üzərinə yönəltmək məsləhət görülür. Dəniz sahili, meşədə gəzinti və ya digər xoş təsəvvürlər yaratmaq faydalıdır. Mütəxəssis bildirir ki, konkret saymaq üsulları, məsələn, qoyun və ya ulduz saymaq, fantaziyanın sərbəst axını qədər effektiv deyil.