Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tabeliyində fəaliyyət göstərən laboratoriyalara təqdim olunan nümunələrin qəbulu mərkəzləşmiş formada həyata keçirilir. Bu məqsədlə AQTİ-nin nəzdində Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi fəaliyyət göstərir. Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinin fəaliyyətinin əsas məqsədi nümunələrin bir mərkəzdə toplanaraq müvafiq laboratoriyalara yönləndirilməsidir.
Belə ki, məntəqənin fəaliyyəti idxal, ixrac, monitorinq, planlı və plandankənar yoxlamalar üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı bölmələrinin müfəttişləri tərəfindən, həmçinin fərdi müraciətlər əsasında müayinəsinin aparılması üçün AQTİ-nin tabeliyində fəaliyyət göstərən laboratoriyalara təqdim olunan nümunələrin qəbulu prosesindən ibarətdir.
Nümunələr “Nümunə qəbulu, saxlanması və kodlaşdırılması proseduru”na əsasən qəbul olunur. Nümunə qəbulu zamanı nümunələri müşahidə edən müvafiq sənədlər, eləcə də nümunənin laborator analizlər üçün yararlı olub-olmaması yoxlanılır. Nümunə qəbul ediləndən sonra məxfiliyin qorunması məqsədi ilə qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən laboratoriyalara aidiyyəti üzrə təhvil verilir.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı şəhəri və Abşeronda 7, regionlarda isə 9 olmaqla, ümumilikdə 16 laboratoriya fəaliyyət göstərir. Laboratoriyaların fəaliyyətinin əsas məqsədi idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyinin təmin edilməsidir. Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər kimi ixtisaslı, yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərir.
[gallery ids="53713,53714,53715"]