Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Foodinfo.az xəbər verir ki imzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev memorandumun elmi-tədqiqat institutu ilə ali təhsil müəssisəsinin qarşılıqlı fəaliyyətinin təşkili, yüksəkixtisaslı kadr hazırlığı baxımından önəmini vurğulayıb və bu istiqamətdə əsası qoyulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını söyləyib. Əməkdaşlığın əsas istiqamətləri ilə bağlı fikirlərini bölüşən nazir imzalanan memorandumun yeni imkanlar açacağına, sənəd çərçivəsində görüləcək işlərin ümumi işə töhfələr verəcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMU ilə AQTİ arasında başlanan əməkdaşlığın qida təhlükəsizliyi sahəsində birgə elmi-praktik araşdırmaların, tədqiqatların aparılmasına, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb. Gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün qida təhlükəsizliyi ilə yanaşı, digər mümkün sahələrə toxunan AQTA sədri ixtisaslı kadr hazırlığının təmin edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin paylaşılması kimi məsələləri nəzərə çatdırıb.
Çıxışlar zamanı qida təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələri uğurla davam etdirmək üçün bilikli, müasir elmin yeniliklərinə bələd olan kadrlara hər zaman ehtiyac olduğu bildirilib. Eyni zamanda, BMU-da bu il açılan yeni ixtisaslar arasında “Qida mühəndisliyi”, “Biotexnologiya” və başqa bu kimi ixtisasların yer almasına, təhsil müəssisəsinin güclü maddi-texniki bazaya, elmi-tədqiqat fəaliyyətinə, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalara malik olmasına diqqət çəkilib.
Sonra BMU-nun rektoru Yaqub Piriyev və AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev tərəfindən anlaşma memorandumu imzalanıb.
Sənəd qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-praktik əlaqələrin qurulması, inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və digər istiqamətlərdə əməkdaşlıq məqsədi daşıyır.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər, səsləndirilən təklif və təşəbbüslər ətrafında müzakirələr aparılıb.