Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil və xəstəliklərin müalicəsində istifadə edilə bilməz. Bu məhsullar sadəcə qida rasionunu zənginləşdirir. Agentlikdən Foodinfo.az-a bildirib ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının ölkə ərazisində dövriyyəsi isə qadağandır. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə görə yanvarın 1-dən belə məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur. Agentlik tərəfindən bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarət gücləndirilib və tibbi reseptlərdə belə məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.