Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, bu istiqamətdə əvvəllər nöqsanlar aşkarlanmış heyvan bazarlarında yenidən monitorinqlər keçirilib. Monitorinqlər zamanı Bakı şəhərində, Abşeron, Şamaxı, Gəncə, Gədəbəy, Göyçay, Biləsuvar, Salyan və Bərdə rayonlarında fəaliyyət göstərən heyvan bazarlarında nöqsanların qismən aradan qaldırıldığı müəyyən olunub. Ağdaş, Ağcabədi, Beyləqan, Qəbələ, Şəki, Zaqatala, Sabirabad, Balakən, Cəlilabad, Masallı, İmişli, Tovuz, Gədəbəy, Xaçmaz və Ağsu rayonlarında yerləşən heyvan bazarlarında isə əvvəllər aşkarlanmış nöqsanların hələ də aradan qaldırılmadığı müəyyən olunub. Həmin bazarların rəhbərlərinə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə riayət olunması barədə icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah edilib.

Qeyd edək ki, monitorinqlər zamanı bəzi bazarların ərazisinin hasarla sərhədlənmədiyi, giriş və çıxışda dezobaryerlərin quraşdırılmadığı, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmadığı, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilmədiyi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarıldığı, ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmadığı və digər nöqsanlar aşkar edilib. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması zəruri şərtlərdəndir. Göstərilənlər nəzərə alınaraq, Agentlik tərəfindən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri davam etdirilir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar, eləcə də istehlakçılar işin daha səmərəli təşkili və onları maraqlandıran suallarla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.