Cari il üçün epizootiya əleyhinə Tədbirlər Planına əsasən, epizootoloji monitorinqlər müddətində peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə tədbirlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, bununla əlaqədar, rayon (şəhər) üzrə təsadüfi seçmə üsulu ilə iri və xırdabuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında cari ilin 2-20 sentyabr tarixlərində epizootoloji monitorinqlər keçiriləcək.
Monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.