Su həyatdır. Hər nə qədər şablon səslənsə də, doğrudan da su insan həyatında mühüm rol oynayır.
Qızmar yay günlərində isə suya olan tələbat daha da artır. Təəssüflər olsun ki, bu gün satışda olan suların heç də hamısı "həyat” deyil. Hətta satışda olan bəzi su butulkalarının üstündə bir il yararlılıq müddəti olduğu qeyd olunub. Belə olan təqdirdə, istər-istəməz fikirləşirsən ki, bir il qalan suyun insana hansı faydası ola bilər? Axı, adicə, ev şəraitində bir neçə gündən artıq qalan suyun tərkibi dəyişir, yararsız hala düşür. Bəs görəsən suyun bir il yararlı olması üçün onun tərkibinə hansı maddələr vurulur? Bu maddələrin orqanizmimizə hansı zərərli təsirləri ola bilər?
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, uzun müddət qalması üçün şirkətlər suyu müxtəlif üsullarla sterilizə edirlər: "Suyun mineral tərkibində normal miqdarda bakteriyalar var. İçməli suyun kriteriyaları bir kub metr suyun tərkibində olan bağırsaq çöpü bakteriyalarının həcmi ilə ölçülür. Yəni bəlli sanitar normalar var. Su hövzələrində adətən, normalar yoxlanıldıqdan sonra suyun içməli olub-olmadığı müəyyən edilir və istifadəyə buraxılır. Suyun tərkibində bakteriyalar olduğu üçün uzun müddət bir yerdə qaldıqda tərkibindəki bakteriyalar çoxalır və su içməyə yaramır. Ona görə də, suyu uzun müddət saxlamaq olmaz. Suyun uzun müddət yararlı qalması üçün şirkətlər onu müəyyən üsullarla sterilizə edirlər. Amma əsl içməli su uzun müddət qala bilməz. Çünki uzun müddət qalan suyun tərkibində toksinlər artır. Bunu adi ev şəraitində də sınaqdan keçirmək mümkündür. Əgər siz uzun müddət bir qabda içməli suyu saxlasanız, görəcəksiniz ki, xarab olub”.
Həkim bildirdi ki, suyun konservasiyası üçün istifadə olunan bütün maddələr insan orqanizminə ziyanlı təsir göstərir: "Plastik qablarda suyun saxlanılması bu gün dünyanın əsas problemlərindən biri hesab olunur. Belə qablarda günəş şüasının suya təsir etmə qabiliyyəti artır və toksiki effekt verir. Nəticədə belə su, orqanizmdə zəhərlənməyə gətirib çıxarır. Hazırda polietilen tərkibli örtük materiallarının hamısının dəyişdirilməsi və əvəzlənməsi məsələsi dünyanın gündəmindədir. Ümumiyyətlə, içməli suyun və qida maddələrinin bu cür qablarda saxlanılması və qablaşdırılması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qadağan edilib. Satışda olan sularla evimizə gələn suyun tərkibində fərqlər var. Yaxşı olardı ki, su ev şəraitində sterilizə edilsin. Bunun üçün müxtəlif daşlar və qurğular var. Ölkədə əsas şirin su hövzələrindən biri Kür çayıdır. Amma düşünürəm ki, Kür çayının suyu içməli su kriteriyasından xeyli uzaqdır. Bu suyun bioloji göstəriciləri və təmizlənməsi bəlli deyil. Bildiyim qədər, həmin su xlorlaşdırılaraq şəbəkəyə buraxılır. Bu mənada deyə bilərəm ki, problem çox ciddidir. Su, ərzaq, dərman təhlükəsizliyi konsepsiyası dünyanın əksər ölkələrində milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Bu, çox mühüm məsələdir. Bir neçə il öncə aparılan tədqiqatlara görə, Araz və Kür çayının tərkibində xeyli zərərli maddələrin olduğu aşkar edilmişdi. Bildiyiniz kimi, Araz çayı Ermənistan ərazisindən də keçir. Orada kimyəvi zavodların tullantıları çaya axıdılır. Bu tullantıların tərkibində ağır metal duzları, ammonyak kimi zərərli maddələrin miqdarı həddən artıqdır. Ona görə də, ehtiyatı əldən vermək lazım deyil. Hesab edirəm ki, marketlərdə satılan sulara aldanmaq olmaz. Çalışmaq lazımdır ki, ev şəraitində gündəlik təmizlənmiş sudan istifadə edilsin”.
"Azad İstehlakçılar” Birliyin sədri Eyyub Hüseynov bizimlə söhbətində su ilə bağlı tez-tez şikayətlərin olduğunu söylədi: "Şüşə qablarda olan sular üçün bir illik yararlılıq müddəti qoymaq olar. Amma plastik qablardakı sular tez bir zamanda istifadəyə yararsız olur. Belə suları bir il saxlamaq olmaz. Bu sulardan istifadə etmək çox təhlükəlidir. Buna aid çoxlu nümunələr göstərmək olar. Hətta ən məşhur brendlərin satdığı suların da saxlanma şəraiti pis olduğundan, yararlılıq müddəti ərzində tərkibində göbələklər əmələ gəlir. İstehlakçılar açıq havada satılan , saxlanma şəraiti normal olmayan və uzun müddət yararlılıq müddəti olan suları almaqdan imtina etməlidir. Belə suların insan orqanizminə heç bir faydası yoxdur. Çünki bu sular adətən, çirklənmiş su hesab edilir.
Qeyd edim ki, bu məsələ ilə bağlı bizə tez-tez bizə şikayətlər olur. İstehlakçılar suların qablaşdırılmasından narazılıq edirlər”. (Azadinform)