Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Tərtər rayonunun Xoruzlu kəndində fəaliyyət göstərən yağ istehsalı sexinə baxış keçirilib.
İlkin baxış zamanı müəssisənin sanitariya-gigiyena qaydalarına və qüvvədə olan hüquqi normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi, eləcə də sexdə emal prosesinin primitiv üsulla həyata keçirildiyi aşkar edilib. Həmçinin məhsulların soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketlənmə aparılmadan istehsal edildiyi, eyni zamanda müşahidəedici sənədlərinin təsdiqlənmədiyi aşkarlanıb.
Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərinə çatışmazlıqları aradan qaldırmaq tövsiyə edilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.