Çörək mayası xəmirin qalxması və çörəyin yumşaq, məsaməli quruluş qazanmasını təmin edən təbii bir maya növüdür. Qədimdən bəri istifadə edilən çörək mayası çörəkçilik sənətinin ayrılmaz bir hissəsidir.
Tərkibində mayalanma prosesini həyata keçirən mikroorqanizmlər olur. Bu proses zamanı maya şəkərləri parçalayaraq karbon dioksid və spirt əmələ gətirir, bu da xəmirin şişməsinə səbəb olur.
Foodinfo.az xəbər verir ki, çörək mayası xəmirin içində karbon dioksid baloncukları əmələ gətirir və bunun nəticəsində çörək daha yumşaq, həcmi isə daha böyük olur.
Çörək mayası B1, B2 və B3 kimi vacib vitaminlərlə zəngindir. Bu vitaminlər enerji səviyyəsini artırır, sinir sistemini dəstəkləyir və metabolizmanı tənzimləyir.
Mayalanma prosesi sayəsində çörək daha asan həzm olunur. Bu, xüsusilə həssas həzm sisteminə malik insanlar üçün faydalıdır.
Çörək mayası çörəklər, pizzalar, bulka və müxtəlif xəmir məhsulları hazırlamaq üçün istifadə olunur. Xəmirin qalxması və daha yüngül bir quruluşa sahib olması üçün öncə su və ya isti südlə qarışdırılaraq aktivləşdirilir, sonra xəmirə əlavə olunur.
Beləliklə, çörək mayası həm ənənəvi çörəkçilikdə mühüm yer tutur, həm də qida dəyəri baxımından zəngin olan bir məhsuldur.