Böyrək daşlarının yaranması təkcə genetik amillərlə deyil, həm də gündəlik qidalanma və həyat tərzi ilə sıx bağlıdır və bəzi məhsullar bu riski artıra bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, uroloq Dmitri Juravski böyrək daşı xəstəliyinin sidiyin kimyəvi tərkibinin dəyişməsi və duzların artması nəticəsində formalaşdığını bildirib. Bu proses uzun müddət simptomsuz gedə bilər və yalnız kəskin ağrılar zamanı üzə çıxır.

Mütəxəssis qeyd edir ki, böyrək daşları müxtəlif növlərdə olur və onların yaranmasına təsir edən qidalar da fərqlənir. Ən geniş yayılan daş növlərindən biri oksalat daşlarıdır ki, bu zaman oksalat turşusu ilə zəngin məhsulların həddindən artıq qəbulu risk yaradır.

Belə məhsullara ispanaq, turşəng, cəfəri, şüyüd, çuğundur və bəzi sitrus meyvələri daxildir. Kakao da yüksək oksalat tərkibinə malikdir və xüsusilə südlə birlikdə qəbul edildikdə risk artıra bilər. Ət məhsullarının, xüsusilə qırmızı ət və yağlı bulyonların həddindən artıq qəbulu sidikdə sidik turşusunun səviyyəsini yüksəldərək daş əmələgəlmə ehtimalını artırır.

Həkimlər həmçinin duzlu qidaların həddindən artıq istifadəsinin orqanizmdə maye balansını pozduğunu və kalsiumun xaric olunmasını sürətləndirdiyini bildirirlər. Bu da böyrəklərdə duz yığılmasına səbəb ola bilər.

Spirtli içkilər və qazlı içkilər də risk faktorları sırasındadır. Onlar orqanizmin susuzlaşmasına gətirib çıxarır və sidiyin konsentrasiyasını artıraraq daş əmələgəlmə prosesini sürətləndirə bilər.

Mütəxəssislər vurğulayırlar ki, böyrək sağlamlığını qorumaq üçün kifayət qədər su içmək, balanslı qidalanmaq və riskli məhsulların qəbulunu məhdudlaşdırmaq vacibdir.