Yuxunun keyfiyyəti birbaşa qidalanma ilə bağlıdır və düzgün seçilmiş şam yeməyi gecə istirahətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, həkim-endokrinoloq Zuxra Pavlova zülalla zəngin qidaların yuxuya müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu tip qidalar orqanizmdə xüsusi maddələrin ifrazını stimullaşdıraraq beynin yuxu rejimini tənzimləyən mexanizmlərinə təsir edir.

Mütəxəssis qeyd edir ki, zülal yalnız əzələlər üçün deyil, həm də hormonların, fermentlərin və immun sisteminin düzgün fəaliyyəti üçün vacibdir. Zülal çatışmazlığı zamanı orqanizm stress vəziyyətinə düşə bilər ki, bu da yuxu problemlərinə səbəb olur.

Həkimlərin fikrincə, axşam saatlarında zülalla zəngin, lakin ağır olmayan qidalar seçmək daha məqsədəuyğundur. Məsələn, balıq, toyuq və ya hinduşka əti yaxşı seçim hesab olunur. Xüsusilə yatmazdan 3–4 saat əvvəl qəbul edilən belə yeməklər daha rahat yuxuya getməyə kömək edə bilər.

Mütəxəssislər həmçinin bildirirlər ki, kifayət qədər yuxu yaddaşın güclənməsi, diqqətin artması və ümumi sağlamlığın qorunması üçün mühüm rol oynayır. Bu səbəbdən həm qidalanma rejiminə, həm də gündəlik həyat tərzinə diqqət yetirmək tövsiyə olunur.