Müxtəlif tərəvəzlərin birləşməsi ilə hazırlanan ragu həm sağlam, həm də doyumlu yemək kimi gündəlik menyuda xüsusi yer tutur.

Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, tərəvəzli ragu universallığı ilə seçilir və həm isti, həm də soyuq şəkildə təqdim oluna bilər. Bu yemək həm ət və toyuq yeməkləri ilə uyğunlaşır, həm də ayrıca əsas yemək kimi istifadə edilə bilər.

Lazım olan ərzaqlar:

  • kələm – yarım baş
  • göbələk – 300 qram
  • lobya – 100 qram
  • bolqar bibəri – 3 ədəd
  • kök – 2 ədəd
  • soğan – 2 ədəd
  • sarımsaq – 1-2 diş
  • göyərti
  • bitki yağı
  • duz və qara istiot

Hazırlanma qaydası:

Əvvəlcə bütün tərəvəzləri və göbələkləri yaxşıca yuyub təmizləyin. Lobyanı əvvəlcədən isladaraq bişirin.

Dərin tavada yağı qızdırın, xırda doğranmış soğanı və göbələkləri qovurun. Ardınca nazik doğranmış kökü əlavə edib təxminən 15 dəqiqə bişirməyə davam edin.

Kələmi nazik doğrayıb azca duzlayaraq əlinizlə ovun. Bibəri zolaq şəklində doğrayın və bunları tavaya əlavə edib qapaq altında bişirin.

Hazır olmasına yaxın bişmiş lobyanı əlavə edin, duz və istiotu tənzimləyin. Sonda əzilmiş sarımsaq və doğranmış göyərti qataraq qarışdırın.

Mütəxəssislər qeyd edirlər ki, bu yeməyi zövqə uyğun dəyişmək mümkündür. Məsələn, acılıq üçün bir az acı bibər, turşməzə dad üçün isə pomidor və ya az miqdarda xama əlavə edilə bilər.