Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev ana südü, onun körpələr üçün qoruyucu funksiyaları, uzunmüddətli südvermənin ananın orqanizminə faydaları ilə bağlı sualları cavablandırıb. Foodinfo.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.

- Əkbər həkim, körpə neçə yaşına qədər ana südü ilə qidalanmalıdır?

- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir. 1 yaşa qədər nə qədər əlavə qidalara keçsək də, əsas qidalanma mənbəyinin ana südü olduğunu unutmamalıyıq.

Ana südü ilə qidalandırma yeni doğulmuş uşağın inkişafı üçün lazım olan ilkin təməl ehtiyaclarını tam təmin edir. Hər körpə üçün ən ideal qida öz anasının südüdür.

Qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin həm körpəyə, həm də anaya bir çox faydası var. Uzunmüddətli südvermə beynin inkişafını dəstəkləyir, ana südü ilə qidalanma sonrakı illərdə ürək xəstəlikləri, piylənmə, diabet, xərçəng və digər xroniki xəstəliklərin yaranma riskini azaldır, ana südünün qida dəyəri çox yüksək olduğuna görə uşağın ehtiyaclarını tam qarşılayır, onun tərkibindəki qoruyucu hüceyrələr və immunoqlobulinlər hər zaman uşağı qoruyur, doğumdan sonra ananın daha tez sağalmasına kömək olur, ananı yumurtalıq və süd vəzi xərçəngindən qoruyur. Eyni zamanda uzunmüddətli südvermənin uşağa psixoloji olaraq heç bir neqativ təsiri yoxdur.

- Ana südünün hansı qoruyucu funksiyası var?

- Ana südünün qoruyucu funksiyalarına aiddir:

∙ Onun qoruyucu xüsusiyyətləri uşağın immunitetinin inkişafına kömək edir;

∙ Ana südü ilk 6 aya qədər körpənin bütün protein, yağ, dəmir, vitamin və digər ehtiyaclarini qarşılayan möcüzəvi qidadir və körpəni bütün infeksiyalardan qoruyur;

∙ Ana südü ilə qidalanma körpənin diş-çənə sisteminin formalaşmasında önəmli rola malikdir;

∙ Ana südü ilə qidalanan uşaqlarda bronxial astma, allergiya, alt və üst tənəffüs yolu infeksiyaları, orta qulaq iltihabı, ani körpə ölümü, piylənmə, 1-ci tip diabet kimi xəstəliklərə daha az rast gəlinir;

∙ Onun tərkibində kifayət qədər dəmir olduğu üçün ilk 6 ay anemiyaya demək olar ki, rast gəlinmir;

∙ Körpənin fiziki və zəka inkişafının formalaşmasına kömək edir;

∙ Ana südü körpənin mədə-bağırsaq traktına tam uyğundur;

∙ Ana südündə fermentlər antimikrobial təsir edir və körpəni qızılca, məxmərək, suçiçəyi kimi virus infeksiyalarına qarşı ilk 9 ay qoruyur.

- Süd çatışmazlığı olan analar bəzi dərman vasitələrindən istifadə edirlər. Bu nə dərəcədə doğrudur?

- Bu, süd çatışmazlığı olan anaları ən çox maraqlandıran sualdır. Qeyd etmək istəyirəm ki, sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır. Südverən analara, həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır. Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub.

Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsiri kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanları istifadə etmədən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır, çünki özbaşına istifadə həm ananın, həm də körpələrin səhhəti üçün təhlükəli ola bilər.

- Sonda gənc analara məsləhətlərinizi bilmək istərdik. Doğuşdan sonra onlara körpələrini ana südü ilə qidalandırmağı necə düzgün təşkil etmək olar?

- Ana südü ilə qidalanmanın ən asan və əlverişli seçim olmasına baxmayaraq, südvermə qaydalarını bilmədən uşağın tam qidalanmasını, eləcə də ananın rahatlığını və sağlamlığını təmin etmək çətindir.

Südvermənin ilk qaydası anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsi və körpənin sinəyə düzgün qoyulmasını təmin etməsidir. Həmçinin körpənin ananın döşünə erkən bağlanmasının təmin edilməsi olduqca vacib məsələdir.

Kolostrum (doğuşdan sonra yaranan ilk ana südü) yeni doğulmuş körpə üçün ideal qidadır. Belə ki, kolostrumda olan yüksək miqdarda protein, vitamin və minerallar körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Eyni zamanda, onların immun sisteminin qurulmasında mühüm rol oynayır.