Təbii balı saxta baldan ayırmaq həm sağlamlığımız, həm də keyfiyyətli məhsul əldə etmək baxımından çox vacibdir. Balın təbiiliyini müəyyən etmək üçün bir neçə sadə üsullar mövcuddur.
Foodinfo.az xəbər verir ki, bal alarkən məhsulun etiketini diqqətlə oxumaq vacibdir. Təbii balın tərkibində yalnız "100% təbii bal" yazısı olmalıdır. Əlavə şəkər, qlükoza şərbəti və ya başqa qatqılar varsa, bu balın saxta olma ehtimalı yüksəkdir.
Təbii balın özünəməxsus aroması və dadı var. O, çiçək və bitkilərin fərqli ətirini daşıyır. Saxta balın isə dadı daha çox şirin və aroması zəif olur. Balın dadına və qoxusuna diqqət edərək təbii olub-olmadığını müəyyən etmək mümkündür.
Təbii bal zamanla kristallaşır və bərk konsistensiyaya çevrilir. Bu proses təbii balın keyfiyyətini göstərir. Əgər bal uzun müddət maye vəziyyətində qalırsa və kristallaşmırsa, bu onun saxta ola biləcəyini göstərir.
Balın təbiiliyini yoxlamaq üçün sadə bir su testi də tətbiq etmək mümkündür. Bir stəkan otaq temperaturunda suya bir qaşıq bal əlavə edin. Təbii bal suyun dibinə çökəcək və suda həll olmayacaq. Saxta bal isə suyun içində sürətlə həll olur.
Əsl bal yanma xüsusiyyətinə malikdir. Bir pambıq çubuğunu bala batırın və kibritlə yandırmağa çalışın. Əgər bal təbiidirsə, yanacaq və alovlanacaq. Saxta bal isə su tərkibli olduğuna görə yanmaz.
Balın üzərinə bir çimdik duz əlavə edin. Təbii balda duz tez bir zamanda həll olmaz. Saxta balda isə duz dərhal həll olar.
Bir çay qaşığı balı ağ kağız üzərinə tökün və bir müddət gözləyin. Təbii bal kağızda ləkə buraxmaz və yavaşca axar. Saxta bal isə, tez bir zamanda yayılır və kağızda nəmli ləkə buraxar.