Vaxta qənaət etmək üçün əvvəlcədən yemək hazırlamaq geniş yayılıb, lakin düzgün saxlanma qaydalarına əməl edilmədikdə bu, sağlamlıq üçün risk yarada bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, həkim-infeksionist hazır qidaların soyuducuda saxlanma müddətini açıqlayıb.
Mütəxəssis bildirir ki, tərəvəz və meyvələr, eləcə də bişmiş tərəvəzlər nisbətən təhlükəsiz qidalar hesab olunur və adətən 3-5 gün, bəzi hallarda isə 7 günə qədər saxlanıla bilər. Paxlalılar daha uzun müddət – təxminən 10 günədək dözə bilir. Taxıl məhsulları, makaron və sıyıqlar isə 3 gün ərzində təhlükəsiz qalır. Şorba və ətli yeməklər düzgün temperaturda (5°C-dən aşağı) 4-5 gün saxlanıla bilər.
Daha həssas məhsullara xüsusi diqqət yetirilməlidir. Ət və toyuq yeməkləri 3-4 gün, yumurta və onun əsasında hazırlanan salatlar isə 1-2 gün ərzində istehlak olunmalıdır. Dəniz məhsulları və balıq maksimum 2-3 gün saxlanmalıdır. Restoran və kafelərdən alınan hazır yeməklər üçün isə ən təhlükəsiz yanaşma onları 24 saat ərzində istifadə etməkdir. Qaydalara riayət etmək qida zəhərlənməsinin qarşısını almaqda mühüm rol oynayır.






