Bir çoxlarının sevdiyi şirin kəsmik batonçikləri (qlazurlu kəsmiklər) əslində düşündüyünüz qədər zərərsiz deyil. Foodinfo.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Olqa Yablokova bu məhsulların həzm sistemi üçün ciddi təhlükə daşıdığını bildirib.
Onun sözlərinə görə, bu batonçiklərin tərkibində çoxlu şəkər, bitki yağları, dadvericilər və şokolad örtük olur. Bu maddələr bağırsaqlarda qaz əmələ gəlməsini artırır, selikli qişanı qıcıqlandırır və iltihab yaradır. “Bağırsaq mikroflorası pozulduqda, insan tez-tez köpmə və qarın ağrısından əziyyət çəkir,” – deyə Yablokova vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bu cür məhsulların düzgün saxlanmaması da böyük risk yaradır. “Kəsmik kütləsi bakteriyaların və maya göbələklərinin çoxalması üçün əlverişli mühitdir. Əgər məhsul uzun müddət və uyğun olmayan temperaturda saxlanarsa, bu, təkcə köpmə deyil, həm də ciddi zəhərlənməyə səbəb ola bilər,” – deyə o bildirib.
Yablokova onu da əlavə edib ki, hətta keyfiyyətli süd məhsulları da bəzi insanlarda mənfi təsir göstərə bilər. “Süd şəkərini həzm etməkdə çətinlik çəkən və ya qıcıqlanmış bağırsaq sindromu olan şəxslər belə məhsullardan sonra narahatlıq hiss edə bilərlər,” – deyə mütəxəssis qeyd edib.
O, məsləhət görür ki, bu cür şirin batonçiklər mütəmadi yeyilməsin. Ən sağlam seçim – təbii kəsmiyi meyvə və bir qədər balla qarışdırmaqdır. Bu, həm dadlı, həm də orqanizm üçün daha faydalı və təhlükəsiz sayılır.






